Articles

“YAŞIL MƏKTƏBİM” LAYİHƏSİNİ TƏQDİMATI

“YAŞIL MƏKTƏBİM” LAYİHƏSİNİ TƏQDİMATI

Azərbaycan Gənclər İttifaqı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin və Norveç hökümətinin dəstəyi ilə “Mənim yaşıl məktəbim” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi məktəb ictimaiyyətini (şagird, müəllim və valideynlər) cəlb etməklə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin genişləndirilməsi, eləcə də ictimai maarifləndirmənin həyata kecirilməsidir. Həmçinin layihə çərçivəsində enerji effektivliyini artırmaq məqsədi ilə məktəb administrasiyası üçün enerji monitorinq təlimlərinin keçirilməsi nəzərdə tutur. Təlim materialları yerli və beynəlxalq ekspertlərlə birgə hazırlanıb, həyata keciriləcək. Təlimlər yerli ekspertlər tərəfindən aparılacaq. AGİ bu məqsədlə Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin “İstilik, qaz təchizatı və ventilyasiya kafedrası” ilə əməkdaşlıq edəcəkdir.
Layihənin təqdimatı Sentyabrın 30da Beynəlxalq Mətbuat Mərkəzində təşkil edilib. SPARE proqramının Azərbaycan üzrə rəhbəri Nailə İsmayılova iştirakçılara SPARE layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən və bu tədbirlərin davamı olaraq “Yaşıl Məktəbim” layihəsinin ideyasının ortaya çıxdığını qeyd edib. N.İsmayılovanın sözlərinə görə enerji effektivliyinin artırılması məsələsi hazırda dünya ölkələrinin qarşıya qoyduğu prioritetlər sırasındadır və sevindiricidir ki, Azərbaycan hökuməti də bu sahənin inkişafına önəm verir və bu istiqamətdə fəaliyyətlər həyata keçirir. Təqdimat mərasimində mətbuat nümayəndələri ilə yanaşı bir sıra dövlət qurumlarının, o cümlədən Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, və ARDNŞ-dən olan nümayəndələr, Memarlıq və İnşaat Universitetinin müəllimləri, eləcə də UNİCEF-in ölkəmizdəki missiyasının, Norveç səfirliyinin, BMT-nin İctimaiyyətlə Əlaqə Departamenti, ATƏT-in Bakı ofisinin təmsilçiləri iştirak ediblər.
Mərasimdə iştirak edən Sənaye və Energetika nazirliyinin enerji səmərəliliyi bölməsini müdiri Ramiz Rzayev enerji effektivliyinin artırılmasının təmsil etdiyi qurum qarşısında duran vacib məsələlərdən olduğunu bildirib. O qeyd edib ki, hazırda nazirlik bu sahədə müvafiq sənədlərin hazırlanması istiqamətində işlər aparır. O səbəbdən də nazirlik rəsmisi SPARE proqramı çərçivəsində irəli sürülən bu təşəbbüsün və həyata keçiriləcək layihənin ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayıb: “Maarifləndirmə bu məsələdə ən vacib komponentdir. Xüsusən də gənclər arasında bu işlərin aparılması təqdirə layiqdir. Ona görə də mən hesab edirəm ki, bu layihə zamanında həyata keçiriləcək bir təşəbbüsdür”.
Memarlıq və İnşaat Universitetinin professory Nurməmməd Məmmədov binalarda, xüsusilə də məktəb binalarında enerji effektivliyi məsələsinə diqqət yetirilməsinin vacibliyini söyləyib. Onun sözlərinə görə araşdırmalar göstərir ki, enerji effektivliyini artırmaqla binalardakı enerji itkisini 40-50 faiz azaltmaq olar. “Mən bu layihənin cəmiyyətimiz üçün əhəmiyyətli olacağına inanıram. Çünki ortaya qoyulan ideya çox xeyirxah bir məqsədə xidmət edir”, - deyə professor əlavə edib.
Tədbirdə çıxış edən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri yeni layihənin qarşıya qoyduğu məqsədin ölkədə ətraf mühitin mühafizəsi istiqamətində ciddi addım olduğunu vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, “Yaşıl məktəbim” layihəsinin Ucar, Qax və İsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır və layihəyə hər rayondan 2 məktəb olmaqla ümumilikdə 6 ümumtəhsil məktəbi daxil ediləcək.
Xatırladaq ki, Azərbaycan Gənclər İttifaqı (AGİ) gənc nəsildə ətraf mühitin mühafizəsinə dair bilik və vərdişlərin formalaşmasına dəstək məqsədi ilə SPARE (Еnеrji Rеsurslаrının İstifаdəsi Üzrə Məktəbli Prоqrаmı) Beynəlxalq Proqramını həyata keçirir. Proqramın əsas məqsədi gənclərin ətraf mühitin mühafizəsinə dair vərdişləri və enerjiyə qənaətin, təbii resurslardan səmərəli istifadənin zəruliyini aşılamaq, onları əməli fəaliyyətə sövq etməkdir.
 


Back
Seen By 350 People